Hamımız satıcıyıq, məsələ nəyi və necə satmağımızdadır..

FB-də xoşbəxt olmağın sirri

FB-də xoşbəxt olmağın sirri

 

Son zamanlar hamını narahat edən məsələlərdən biri də Facebookun bizim həyatımıza dünyanın dərd sərini daşıyıb gətirməsidir. Bilmirsən ki Suriyaya görə ağlayasan, yoxsa Bərdədəki ailə facaiəsinə üzüləsən. Gicgicə videolar da səndən icazə almadan işə düşüb səslənirlər. Facebooku bağlamaq da olmur. Çünki əksəriyyətimizin işi ordan keçir. Pulsuz ünsiyyət imkanı, tapılmayanları tapmaq, deyə bilmədiklərini demək, sata bilmədiklərin satmaq üçün ən gözəl yerdir. Hələ bir çoxlarımızın biznesi birbaşa facebookluqdur. Məhsulun tanıtımı, reklamı, müştərilərin cəlb olunması, hətta müştəriyə xidmət və s.

 

Yuxarıda dediklərim barədə bu gün hamı, məmə deyəndən pəpə deyənə qədər hər kəs danışır. Bilmirik ki, bu FB bizə xeyir verir, yoxsa ziyan edib ömrümüzü çürüdür.

 

Mən yenə də inanıram ki, istənilən vasitə bizi həm xoşbəxt həm də narahat edə bilər. Baxır ondan necə istifadə edirsən.

Ona görə də işgüzar şəxslərə, xüsusən satış adamlarına yaxşı təklifim var.

 

Başlayaq lap əvvəldən, məsələnin məğzindən.

 

Hazırda biz “EKSPERT SATIŞLARI” deyilən bir dövrə gəlib çıxmışıq. Bu izafi məhsul və informasiya bolluğu, müştəri üçün çoxsaylı alternativlərin mövcud olması ilə bağlı yaranmış reallıq, tendensiyadır. Məsələ bundadır ki, müasir insan özünə nəsə almaq istəyəndə, xüsusən bu məhsul ortabab qiymət tutumuna malikdirsə, əvvəlcə onu özü araşdırıb (internetdə təbii ki) sonra müəyyən qənaətə gəlib seçim edir. Daha əvvəlki kimi bir – bir mağazaları gəzib, baxıb, müqayisə edib seçim etmək istəmir. Çünki bir ehtiyacı ödəyəcək məhsul seçimi o qədər çoxdur ki, o sahənin mütəxəssisi olmayan adamın özünün düzgün seçim etməsi çox müşküldür. Aldanmaqdan, yalnış seçim etməkdən qorxur. Bu səbəbdəndir ki, özünə və məhsul satanlara güvənməyən müştəri ona düzgün seçim etməyə yardım edəcək “EKSPERTLƏRƏ” üz tutur. Kondisioner almaq istəyən adam əvvəl tanışları ilə məsləhətləşib, sonra internətdə araşdırmalar edib yalnız bundan sonra mağazaya və ya Sədərəyə üz tutur.  Və yaxud da mətbəxinə mebel almaq istəyən internetdə müasir dizaynlar, qurğularla maraqlanır, dostdan tanışdan da tövsiyyələr, nömrələr alır və işini görür.

 

Bu durumda biz əgər yaxşı satışlar etmək, müştəriləri özümüzə bağlamaq istəyiriksə, müştəri üçün ekspert elə özümüz olmalıyıq. Biz elə etməliyik qarşımıza çıxan müştəri həmən EKSPERTİN elə biz olduğumuzu görsün.

Bunun üçünsə lazımdır ki müştəri bizim qapımızı döyənə qədər vəya özümüz müştəriyə zəng edənə qədər EKSPERTLİK zirvəsinə ucalaq!

 

Müştəri sizinlə 1-2 dəqiqəlik söhbətdən sonra anlamalıdır ki, onun qarşısında bu sahənin ən məlumatlı insanı dayanıb. Əgər siz bu dərəcədə məlumatlısınızsa, müştərinin bütün saullarına dəqiq cavablar verib onun üçün bütün müşküllərə aydınlıq gətirirsinizsə o bir könüldən min könülə sizə etibar edəcək.

 

Təbii ki biz eyni zamanda 3-4 sahədə ekspert ola bilmərik. Lakin 1 sahədə müəyyən qrup insan üçün ekspertə çevrilmək mümkündür.

 

Ekspert olmaq üçün biz 3 istiqamətdə biliklərimizi daim artırmalıyıq:

  1. 1. Öz məhsulumuz. Onun bütün xüsusiyyətləri və müştəriyə verəcəyi faydalar. Məhsulun istifadəsi və baş verə biləcək gözlənilməz hallardan çıxış yolları. Məhsulların qiymətləri və s.
  2. 2. Rəqiblərimiz, onların məhsulları, üstünlükləri və zəif cəhətləri. Müştərilər onsuz da qapı qapı gəzməkdən xoşlanmırlar. Əgər siz onlara bütün bazar haqda məlumat verə bilsəniz onu da xoşbəxt etmiş olacaqsınız.
  3. 3. Çalışdığınız sahə. Əgər siz kosmetika satısınızsa sadəcə öz satdığınız kosmetikanı bilməklə məhdudlaşmamalısınız. Siz eyni zamanda dəri gözəlliyi və sağlamlığı barədə tam məlumatlı olmalı, lazım gələrsə müştəriyə üzə düzgün qulluq qaydalarını izah edə bilməlisiniz. Müştərinizin bu sahədə sizə verə biləcəyi suallar havada qalmamalıdır. Siz sadəcə satıcı yox, öz işini sevən və kömək etməyə hazır olan bir mütəxəssis olmalısınız.

 

Dostlar bax bu cür ekspertə çevrildiyiniz halda qarşınıza çıxan əksər potensial müştərilər dərhal sizin real müştərilərinizə, hətta sizi aktiv reklam edən mələklərə çevriləcəklər. Sizin müştəri bazanız, satışlarınız və təbii ki gəlirləriniz durmadan artacaq.

 

 

İndi isə qayıdaq facebooka. Bir halda biz günümüzün böyük bir hissəsini burda keçiririk, beynimizə daxil olan məlumatların 80-90 faizi facebookdandır. O halda elə etməliyik ki FB xəbər lentimiz bizi ESKPERTƏ çevirəcək məlumatlarla dolu olsun. Bunun üçün

 

  1. 1. FB da sizin məhsullara, istehsalçı şirkətlər, materiallara və s. sizə azdan çoxdan əlaqəsi olan səhifələri izləyin və ciddi araşdırın.
  2. 2. FB da sizin sahəyə aid səhifələri bəyənin və aktiv şəkildə o səhifədəki postları da LİKE edin ki, FB sizə qara xəbərlərdən çox bu səhifələrin bölüşümlərini göstərsin.
  3. 3. FB da sizin sahəyə aid qruplara üzv olun, ordakı bölüşümləri, bölüşümlərin altında ağıllı koment yazan şəxsləri LİKE edin. Çalışın bu qruplar vasitəsilə sahənizin bilikli, təcrübəli şəxsləri ilə dostlaşasınız. Bu əlqələrinizin, biliklərinizin və təcrübənizin davamlı artımına gətirib çıxaracaq.
  4. 4. FB da sahənizin dahilərini (marketinq, sağlamlıq, dəb, dizayn və s.) axtarıb tapın və onları da davamlı izləyin. Yenə də LİKE etməyi unutmayın ki, FB ANA SƏHİFƏNİZDƏ onlara üstünlük versin.
  5. 5. Sahənizə aid videoları like edin. Onların ucundan tutaraq bu mövzuda digər videoları da izləyin like və paylaşımlar edin ki, FB sizin xəbər lentinizə belə videoları tapıb doldursun.

 

Bunu etdiyiniz halda, işdən ayrılıb FB qərq olduğunuz dəqiqələrdə də özünü yetişdirmiş, inkişafa, uğura kökləmiş olursunuz.

 

FB -u gərginlik və yorğunluq məkanı deyil, xoşbəxtlik mənbəyinə çevirin.

 

Gəlin hərəmiz bir sahənin EKSPERTİ olaq!