Hamımız satıcıyıq, məsələ nəyi və necə satmağımızdadır..

Müştəri şapalağı dəyməmiş satıcı

Müştəri şapalağı dəyməmiş satıcı

 

Artıq 2 ildir ki sərasər satış təlimləri keçirik. Müxtəlif şirkətlərdən 300 dən çox şəxs “Praktiki Satış Kursu”na qatılıb. Müxtəlif sahələrdə çalışan şirkətlər, sahibkarlar öz satış adamlarını kursa göndərirlər ki satışlarını qısa müddətdə artırsınlar. Gözəl istəkdir! Ötən aya nisbətdə satışın 20%, 30%, 50% artması əlbətdə ki dünyada ən ləzzətli mənzərələrdən biridir.

 

Məhz buna görə də təlimlərə öz satıcılarını göndərmək istəyən, keyfyyətli satış komandası qurmaq istəyən sahibkarlar və satış rəhbərləri ilə bəzi fikirlərimi bölüşmək istəyirəm:

 

1. Komandaya yeni götürdüyünüz meneceri dərhal təlimə göndərməyə tələsməyin.

İmkan verin bir qədər özlərini satışlarda sınasınlar. Müxtəlif çətin vəziyyətlərə düşsünlər. Yalnız bundan sonra onları satış təlimlərinə göndərin. Niyə? Ona görə ki rəngarəng müştəri növləri ilə üzləşməmiş, etirazlarla savaşmamış, imtinaları yeməmiş adam təlimdə deyilənləri tam həzm edə bilmir. Bəzən söhbətin nədən getdiyini də anlamır. Adi bir sual verməyin onun həyatını necə dəyişəcəyini təsəvvür etmir. Bu maşını olmayan adama maşın sürməyi öyrətməyə, topu olmayana futbol oynamağı izah etməyə, övladı olmayana atalıq izah etməyə bənzəyir.

 

2. Komandaya yalnız AC və MƏSULİYYƏTLİ adamları götürün.

Ac dedikdə pul qazanmaq eşqi güclü və həqiqi olanları. Evlilərə həmişə üstünlük verin. Çünki onların altında qaynar qazan yanır. Subaylar nisbətən rahatdırlar. Hələ “hər şey qabaqdadır” kimi özlərinə təskinlik vermə problemləri var. LAKİN üzdə subay daxildə isə evli olanlar da var. Elə subaylar var ki, ailəni (valideynlərini) onlar təmin edirlər. Elə subaylar (çox nadir) da var ki onlar da həqiqi ACLIQ və MƏSULİYYƏTLİLİK var. Bunu onların iş tarixçəsini təftiş etməklə bəlli edəcəksiniz. AC və MƏSUL adamları öyrətmək də çox asandır, onlar öyrəndiklərini dərhal tətbiq edirlər, ağlamır, sızlamır və qısa müddətdə satışların artmasına səbəb olurlar.

 

3. Öyrənmək istəyi olmayanlardan canınızı qurtarın.

Çünki onlar yalnız müəyyən səviyyəyə qədər satışları qaldıracaq sonra isə satış əvəzinə maraqlı bəhanələr yığıb gətirəcəklər. Bu bahənələr sizi də çaşdıra bilər.

 

4. BAŞI olanları işə götürün.

Satış ilk növbədə beyin fəaliyyətidir nəyinki ağız fəaliyyəti. Uğurlu satıcı ağıllı satıcıdır. Ağıllı suallar, məhsulu qarşısındakı adama uyğun təqdim etmək, etirazın səbəbini anlamaq və onu çözəcək senari qurmaq BAŞ tələb edir. Məhz istedadı olan adamlar satış təlimlərində öyrəndikləri texnikaları iş başında sərrast şəkildə istifadə edib sizə iri müştərilər və davamlı sifarişlər gətirəcəklər.
İşə götürərkən qarşınızdakı adamın “baş”ını yoxlamaq üçün onun verdiyi suallara və anlamaq bacarığına fikir verin. Ağıllı adamlar adətən uzaqgörən suallar verirlər, sizi tez başa düşürlər.

 

5. Təlimlərdə hərdən ÖZÜNÜZ DƏ iştirak edin.

Bu sizin komandada eyni mədəniyyətin formalaşmasına, hamınızın eyni dildə danışmanıza səbəb olacaq. Bu bir futbol komandasında oyunçuların bir birini başa düşməsi kimi bir şeydir. Satıcınız ilə birlikdə görüşlərə gedəndə bir birinizin davranışlarınızı anlayasınız, paslaşma, lazım olanda pauza edə biləsiniz.

 

Uğurlu satış komandası qurmanız diləyi ilə!