Hamımız satıcıyıq, məsələ nəyi və necə satmağımızdadır..

Satış adamının PUL SEVGİSİ

Satış adamının PUL SEVGİSİ

Arılar bütün gün ərzində yorulmadan bir güldən o biri gülə uçaraq özləri üçün yem (nektar) toplayırlar. Lakin bu zaman onlar özləri də istəmədən möcüzəyə səbəb olurlar. Gülün üstünə qonmuş arının ayaqlarına tozcuqlar yapışır. Arı növbəti gülün üstünə qonanda isə ayağına yapışmış tozcuqlar onu mayalandırır. Güllər tozlanır və bu güllərdən meyvələr və toxumlar əmələ gəlir. Yerə düşmüş toxumlardan isə yeni bitkilər yetişir. Məhz bu prosesin sayəsində yer üzündə bitkilər var. Bitkilər fotosintez sayəsində oksigen istehsal edir. Və biz insanlar məhz bu oksigenlə nəfəs alaraq yaşayırıq. Deməli, arılar özləri də bilmədən yer üzərində digər canlıların yaşaması üçün əvəzsiz töhvə vermiş olurlar. Bu zaman onları hərəkətə gətirən yeganə səbəb özləri üçün yem toplamaq instiktidir.

Bee collecting pollen

 

Eyni qaydada pul qazanmaq istəyi insanları daha çox işləməyə, daha çox düşünməyə, yeniliklər etməyə, insanlara daha yaxşı xidmət göstərməyə, onlara yeni yeni məhsullar istehsal etməyə sövq edir. Nəticədə cəmiyyətimiz inkişaf edir. Bu gün ixtiyarımızda olan bütün məhsul və xidmətlər, hansısa insanların pul, hörmət və uğur qazanmaq istəklərinin nəticəsində yaranıb. Mobil telefonlar, kompüterlər, müasir evlər, ev əşyaları və sair və ilaxır.

 

Bir satıcı olaraq sizin də daha çox qazanmaq istəyinizin ətrafınızdakı insanlara yalnız və yalnız xeyiri olacaq. Daha çox qazanmaq üçün siz insanlarla daha mehriban davranmalı, onların qayğısına qalmalı, onlar üçün ən yaxşı məhsulu axtarıb tapıb, onu ən sərfəli qiymətə təklif etməli olacaqsınız.

 

Ən böyük yaxşılığı isə siz özünüzə və ailənizə etmiş olacaqsınız. Daha çox qazanaraq, əzizlərinizi daha keyfiyyətli qida, kamfortlu ev şəraiti, etibarlı tibbi xidmətlə təmin edəcək, övladlarınızın yaxşı təhsil almalarına və inkişaf etmələrinə səbəb olacaq, layiqli şəkildə valideynlərinizin qayğısına qala biləcəksiniz. Doğmalarınızla birlikdə gözəl yerlərdə istirahət edəcək və öz cavanlığınızı, həyat enerjinizi uzun illər saxlaya biləcəksiniz. Bir qədər də tədbirli davransanız, qazandığınız pullardan qənaət edərək kapital toplaya, sonra isə bu kapitalla sizə daim pul gətirəcək obyektlər və digər aktivlər ala bilərsiniz. Bu isə sizin maddi təminatınızı daha etibarlı edəcək.

 

Evdə oturub bekarçılıq edərək və ya ofisdə vaxt öldürərək siz həm özünüzə ziyan etmiş olursunuz, eyni zamanda iqtisadiyyata mənfi təsir edirsiniz. Sizin təyinatınız yaratmaq, satmaq, təklif etmək və xidmət göstərməkdir. Bu işləri nə qədər çox edirsinizsə ümümi iqtisadiyyata bir o qədər təkan vermiş cəmiyyətin inkişafına kömək etmiş olursunuz. Müştərinin ofisinə gəlib, onu dümsükləyib, yeni məhsul təklif edərək, siz onu həm də daha çox işləməyə, yeniliklər etməyə sövq edirsiniz.

 

Beləliklə öz işinizdən, çox qazanmaq istəyinizdən utanmayın. Əksinə bilin ki, sizin ambisiyalarınız başqalarının da inkişafına təkan verir, ümumilikdə cəmiyyətin qabağa getməsinə səbəb olur. Qarşınıza böyük hədəflər qoyun, özünüzü inkişaf etdirin, çox qazanın.