Hamımız satıcıyıq, məsələ nəyi və necə satmağımızdadır..

Anadangəlmə satıcı

Anadangəlmə satıcı

Bəli. Əksər adamlar belə də düşünür, satış etmək bacarığı anadangəlmə istedaddır. Kimin belə istedadı varsa o getdi qabağa. Kimin belə istedadı yoxdursa özünü əziyyətə verməyə dəyməz. Gedib özünə başqa peşə tapsın. Hətta satış bacarıqlarını genlərlə də bağlayanlar tapılır.

 

Burda həqiqət var. Həqiqətən də elə adamlar var ki, onlar anadangəlmə satış bacarıqlarına sahibdirlər. Daha dəqiqi valideynlərindən bəzi vərdişləri miras alıblar. Məsələn ünsiyyətcillik, özünəinam, təklif etməkdən utanmamaq, insanları tez anlamaq və s. Şərt deyil ki, bütün lazımı vərdişləri. Bir qismi belə bəs eləyir ki, belə vərdişlərə sahib övlad satış həyatına başlayanda digərlərindən daha sərbəst olsunlar, asanlıqla müştərilərlə ünsiyyət qursunlar, asanlıqla, xəcalət çəkmədən, rahatlıqla təkliflər etsinlər. Sözsüz ki, bu onların nəticələrində özünü göstərir.

 

Burda yalnış var. Bu da satış bacarıqlarının genlərdə olmasıdır. Buna həm bir həkim kimi sizi əmin edə bilərəm, həm də 1000 dən çox şəxsin satış karyerasını yaxından izləmiş, onları yaxından tanıyan bir adam kimi də. Genetikaya baş vurmayaq. Amma iş həyatımda rastıma çıxan 100-lərlə peşəkar satıcının çoxu məhz zəhmətkeşliyi, daim öyrənmək həvəsi, daimi analiz aparmaq, özünü təkmilləşdirmək vərdişləri, xüsusi təlimlərdə davamlı iştirakı, satışa aid peşəkar kitablar oxumağı sayəsində bu günkü səviyyələrinə qədər çatıblar. Hətta “anadangəlmə” satıcıları da vurub keçiblər.

 

Buna əminəm həm də ona görə ki, özüm o yolu keçmişəm. Məni iş həyatımdan əvvəl tanıyanlar hamısı buna şahidlik edə bilərlər. Satış həyatına başlamamışdan qabaq mənim ciddi ünsiyyət problemlərim var idi. Yeni insanla heç vaxt öz səyimlə tanış olmazdım. Ümumiyyətlə çox adam olan yerlərdə mən olmazdım. Amma satış həyatı, pul qazanmaq istəyi, inkişaf etmək istəyi məni  komplekslərimi qırmağa məcbur etdi.

 

Sözsüz ki, iştirak etdiyim çoxsaylı təlimlər, mənə dəstək olan yaxşı insanlar  – satış ustalarının (axtarsanız onları mütləq tapacaqsınız) dəstəyi, oxuduğum kitablar mənə addım addım üzüyuxarı qalxmağa kömək etdi. Bu gün satış etmək mənim ən çox zövq aldığım bir neçə işdən biridir.

 

Əsas 3 faktor var:

 

  • pul qazanmaq eşqi,
  • öyrənmək həvəsi
  • və bir də insanlara sevgi.

 

Bu üç alovu daim alışdırın. O halda gəliriniz də daim artacaq. Elə bir vaxt gələcək ki, siz müştəriləri yox, onlar sizi axtaracaqlar!