Hamımız satıcıyıq, məsələ nəyi və necə satmağımızdadır..

Sizi güclü satış adamına çevirəcək 3 sehirli kitab..

Sizi güclü satış adamına çevirəcək 3 sehirli kitab..

Dostlar sözsüz ki kitab aqil insanın ən yaxşı dostudur. Kitablar bizə min illərin sirrini, biliyini çatdırır.

 

Lakin mən heç də çox kitab oxumaq tərəfdarlarından deyiləm. Niyə?

Ona görə ki, kitablar bizə xeyir verdiyi kimi ciddi ziyan da verə bilir. Bizə uğur gətirdiyi kimi, uğursuzluq da gətirə bilər. Düzləri öyrətdiyi kimi, səhvləri də etməyə inandıra bilər.

 

Beynimizə daxil olan hər bir məlumat öz təsirini buraxır. Bunu biz istəsək də istəməsək də. Şüurumuz “yox bu boş söhbətdir “ desə də, süuraltımız onu özünə həkk etdirir və nə vaxtsa tərəddüd, qorxu, səbəbini anlamadığımız səhvlər formasında qarşımıza çıxarır. Xüsusən də davamlı olaraq qəbul etdiyimiz, emosiyalarla zəngin məlumatlar (məsələn detektiv, roman və s.) bizə öz dərin təsirini buraxır.

 

Ona görə də “nə gəldi yemək” ziyanlı olduğu kimi, “nə gəldi oxumaq” da ziyanlıdır.

Xüsusən də siz tezliklə uğur qazanmaq, tezliklə özünüzü güclü, effektli şəxsiyyətə çevirmək istəyirsinizsə, əlinizdə olan az zamanda nə oxuyacağınızı ciddi seçməlisiniz. İtirməyə vaxtınız yoxdur.

Kitab seçimində artıq uğur qazanmış adamlarının tövsiyyəsinə etibar edin. Onların düzgün seçimləri onları indi olduqları yerə gətirib çıxarıb. Belələri sizin tanışlarınızın arasında da ola bilər, qiyabi tanıdıqlarınızın da arasında. Dünyaca məşhur iş adamlarının da tövsiyyələrinə diqqət yetirin. Onlar da tez-tez sevimli kitablarının adlarını bölüşürlər.

 

Aşağıda təqdim edəcəyim bu 3 kitab sizə satış işində və işgüzar danışıqlarda qarşısıalınmaz peşəkara çevrilmənizə kömək edəcəklər. Onların hər biri özündə 100 illərin, bəlkə də min illərin süzgəcindən keçmiş əsas bilikləri cəmləyib. Hər 3 – nü şəxsən öz həyatımda sınamış və kəramətlərinə bələd olmuşam. Hər birini dəfələrlə oxumuşam. Tövsiyyə etdiyim onlarla insan da qazandıqları əksər uğurlara görə məhz bu kitablara borclu olduqlarını söyləyirlər. Bu 3 kitab uzun illərdir ki, həm mənim həm də çoxsaylı işgüzar dostlarımın stolüstü kitablarıdırlar. Onlar ölümsüz kitablardır. Belə ki, onları təkrar-təkrar oxumaq sizi hər dəfə yeni bir səviyyəyə qaldıracaq. Mən tez – tez beynimə yeni ideyaların gəlməsi üçün onlardan birini açıb 1-2 səhifə oxuyuram. Bu adamın beynini daha iti və ağıllı düşünməyə vadar edir. 1-cə səhifə oxumaq bəs edir ki, nəsə mükəmməl fikir adamın beynində doğsun.

 

Başlayaq

 

  1. 1. “Dünyanın ən böyük sirri” – Oq Mandino

İnsan həyatına bu qədər güclü təsir edəcək, onu yenidən formalaşdıracaq ikinci bir biznes kitabı hələ ki tanımıram. “Dünyanın ən böyük sirri” həqiqətən də çox qeyri – adi və sirli kitabdır. Əksər biznes kitablar tövsiyyələr, qaydalar, prinsiplər və izahatlar toplusudur. Lakin bu kitab kitabdan çox məşqçidir. O sizin beyninizi məşq elətdirir. Sizin düşüncə tərzinizi və müsbət vərdişlərinizi formalaşdırır. Müəllif israrla kitabı hər gün yalnız 15 dəq oxumağı tövsiyyə edir. 5 dəqiqə səhər. 5 dəqiqə günorta və 5 dəqiqə də yatmamışdan əvvəl. Bəli gün ərzində cəmi 15 dəq vaxt sərf etməklə siz artıq 10 gündən sonra tanışlarınızın necə sizə, “ay ……, yaman təmkinli olmusan”, “nəsə dəyişmisən” kimi kommentlər etməsinin şahidi olacaqsınız.  Vaxt keçdikcə necə hər şeyə daha asan nail olduğunuzu, psixoloji cəhətdən daha güclü və təsirli olduğunuzu görəcəksiniz.

 

Kitab 10 ay ərzində oxunulur. Bəli – bəli 10 ay. Və hər gün cəmi 2-3 səhifəsi, 3 dəfə olmaqla.

 

Bu 10 ay müddətində siz sizə mane olan pis vərdişlərinizdən birdəfəlik qurtulacaq, onların əvəzinə isə yeni müsbət, sizə hər addımda uğur gətirəcək vərdişlər qazanacaq, komplekslərinizdən azad olaraq, insanlarla ünsiyyətdə rahatlıq və ustalıq hiss edəcək, daha dözümlü, davamlı, gülərüz, müsbət auralı .

 

Sizin nitqiniz gözəl sözlərlə zənginləşəcək, zərərli sözlər və ifadələrdən azad olacaq. Bu sizin söhbətinizi insalar üçün çox cəlbedici və maraqlı edəcək.

 

  1. 2. “Dostu necə qazanmalı və insanlara təsir etməli” Deyl Karnegi

Deyl Karnegi müasir işgüzar psixologiyanın atası hesab olunur. Onun 1936 cı ildə bitirdiyi bu kitab bu günə qədər də dünyada ən çox satılan biznes kitablardandır. Dünya sürətlə dəyişir, biznes mühiti inkişaf edir, yeni yeni biznes müəlliflər ortaya çıxır, kitablar poluyarlaşır sonra yoxa çıxır, lakin bax bu kitab bir gün də olsa öz aktuallığını itirmir. O həmişə ən çox alınan və ən çox oxunan biznes kitabıdır.

 

Əgər siz indiyə qədər bu kitabı oxumamısınızsa demək ki, sizin insan psixologiyasına dair, biznes psixologiyasına, danışıq aparma və diplomatiya sənətinə dair öyrənəcəyiniz hələ çox qiymətli biliklər var.

 

Təcili və təxirə salmadan bu sirlər xəzinəsini tapın, alın və oxumağa başlayın. Əgər bu kitab varınızdırsa, bir dəfə oxumusunuzsa, yenidən oxuyun!

 

Kitabdakı misallar və nümunələr 20 ci əsrin əvvəllərinə aid olsa da, ordakı prinsiplər, qaydalar, tövsiyyələr bu gün də keçərli və hədsiz faydalıdır.

Bu yaxınlarda tanış olduğum yetərincə uğurlu iş adamı məhz bu kitabla tanışlıqdan (anası hədiyyə verib) sonra həyatında ciddi dəyişikliyin başladığını mənə dedi. Və bu mənim rastlaşdığım birinci belə hal deyil.

Kitabı oxumağa başladıqda siz qısa müddətdə ahıl yaşlı müdriklər qədər insanlardan baş çıxaracaq, insanların hərəkətlərinin əsl səbəblərini biləcək, onlara sözlə təsir etməyi bacaracaqsınız.

Bu kitabda Deyl Karnegi müxtəlif vəziyyətlərdə qarşı tərəflə razılığa gəlmək üçün çoxsaylı effektli, təbii üsullar öyrədir. Belə biliklərin satış prosesində, işgüzar danışıqlarda faydası çox böyükdür. Hətta bunlar satış üçün əsas biliklərdir.

Siz ən yaxşı həmsöhbət və dost olacaqsınız. İnsanlar məzh sizinlə əməkdaşlıq etməyə can atacaqlar.

 

  1. 3. “Satışın 21 qanunu” Brayan Treysi

Dostlar sizə satış işi ilə bağlı ən praktiki və effektli kitabı təqdim edirəm. Brayan Treysi xırdavat satışından başlayaraq Şimali Amerikada bir yapon avtomobil brendinin dileri səviyyəsinə qədər qalxmış, daşınmaz əmlak satışı, sonralar isə səhm ticarəti ilə məşğul olmuş şox uğurlu satış adamı, milyonçu və son 50 ilin ən tanınmış, ən çox oxunan, izlənilən 3 biznes trenerindən (müəllif) biridir.

 

Mənə elə gəlir təkcə bu tükürpədici satış təcrübəsi yetərlidir ki, onun kitabını diqqətlə oxuyub araşdırasan.

 

Brayan Treysi həm də araşdırmacıdır. Onun qədər satış işinin incəliklərini araşdırmış və gözəl, hamının başa düşəcəyi formada satış sirlərini bölüşməyi bacaran müəllif yəqin yoxdur.

 

“Satışın 21 qanunu” kitabı çox qiymətli təlimat kitabıdır. Brayan Treysi burada sizi addım addım satış peşəkarına çevirəcək. Kitabda çoxsaylı effektli satış texnikaları toplanıb. Onları siz dərhal tətbiq edib yararlanacaqsınız. Kitabda verilən tapşırıqlar satış texnikalarına daha yaxşı yiyələnmənizə kömək edəcək.

 

Hər 3 kitab azərbaycan dilində var. Şəhərimizin əsas kitab mağazalarında satılır.

 

Oxuyun, inkişaf edin, çox qazanın!