Hamımız satıcıyıq, məsələ nəyi və necə satmağımızdadır..

Sevgidən də, kareyradan da vacib..

Sevgidən də, kareyradan da vacib..

Dostlar bu yazı ilə bir qədər mövzudan kənara çıxıram. Bu dəfə satışdan deyil, əsas dəyərlərdən söhbət edək. Çünki adamın xoşbəxt olması üçün ilk olaraq nəyin onu xoşbəxt edəcəyini bilməsi lazımdır. Bildisə qalanı onların arxasınca qaçmaqdır.

Bu gün gördüyümüz odur ki, adamlar “sürünü qoyub ala dananın arxasınca qaçırlar”. Maşın alır xoşbəxt olmur, sevir xoşbəxt olmur, evlənir yenə də, ev alır yenə də, uşağı olur, böyüdür, evləndirir, qocalır xoşbəxt olmur. Bir də xəbər tutur ki, artıq onu aparırlar dağın döşünə.

 

Ona görə də təklif edirəm müzakirə edək.

 

 

Başlayaq ən vacib dəyərdən. Yəni bizi ilk növbədə xoşbəxt edəcək, bizə mənəvi rahatlıq və güc verəcək dəyərdən!

 

Fikrimcə bu ən vacib dəyər – SAĞLAMLIQDIR. Bəli sənin şəxsi sağlamlığın.

 

Əslində bu sənin malik olduğun yeganə əmanətdir. Tanrının sənə əmanət etdiyi ən bahalı ən vacib dəyər. Sənin ruhun və zehnin bu materialın içindədir. Sən öz orqanizmindən asılısan. Ona bir şey olan kimi bütün digər dəyərlər də axsayır – iş, ailəyə qayğı, insan münasibətləri və s.

 

İndi görək bizim camaatın bu dəyərə münasibəti necədir. Bir sözlə ifadə edə bilərəm – zorlamaq. Başqa cür desək sağlamlığı minmək. Şirkət maşınını minən, sökən işçilər kimi bizim camaat öz orqanizmini minir, çapır, sürüyür. Bütün günü zir zibili içinə doldurub, gecələr dincəlməyə qoymur, sonra da yaranmış siqnalları – baş ağrısı, baş gicəllənmə, halsızlıq – söndürmək üçün kimyəvi zəhərləri də qanına qoşur – dərmanlar, enerji drinklər, kofe və daha nə bilim nə hoqqalar çıxarırlar. Sonra isə bağırsaları işləməyəndə, 30 yaşında yüksək qan təzyiqi əmələ gələndə, şişib şara dönəndə təəccüblənirlər. Sonrasını hələ demirəm – şəkərli diabet, xoş xassəli şişlər sonra da bəd xassəli şişlər.

 

Tale elə gətirib ki, tibb universitetini bitirmişəm və 12 il sağlamlıq sahəsində çalışmışam. Sağlamlıq üçün məhsullar, cihazlar satmışam. Bu sahədə xeyli sorğu və araşdırmalar etmiş, minlərlə insanla onların sağlamlığı barəsində söhbət etmişəm.

Müşahidələrimə əsasən deyə bilərəm ki, sağlamlıqlarına qarşı diqqətli olan, onu həmişə ən qiymətli əşya kimi qorumağa çalışanlar, tanışlarından hansısa xeyirli bitkinin kökünü tapmağı xahiş edən, qəzetdə, jurnalda, iineternetdə sağlamlıq haqda oxuyub, sağlamlığını möhkəmləndirmək üçün cürbə cür prosedurlar edən, yediyinə içdiyinə fikir verib, orqanizmini yaxşıca bəsləyənlər əslində xeyli pullarına qənaət etmiş və yaşamaq üçün əlavə illər qazanmış olurlar. Sağlamlıqlarına qarşı etinasız olan, onunla məşğul olmağı sonraya saxlamağa çalışanlar isə sonucda hər bir şeyini – pulunu, mülkünü, karyerasını itirmiş vəziyyətə düşür.

Sağlamlıq insanların həyatına inanılmaz təsirlər göstərir. Övladının sağlamlıq durumu valideyinin həyatını büsbütün dəyişə bilər. Ailə başçısının sağlamlıq durumu bütün ailənin həyatını alt üst edə bilər. Peşəkarın sağlamlıq durumu onun karyerasının sonu ola bilər.

Bu günə qədər gördüyüm ən xoşbəxt adamlar tam sağlam olan insanlar olub. Onları hətta barmaqla saya bilərəm. Onlar məndə o qədər güclü təəssürat buraxıblar ki, hətta bu dəqiqə də gözümün önündədirlər. Və onları həmişə özümə örnək bilirəm. Bunlar hər şeydən, hamıdan qabaq özlərinin qayğısına qalan, öz sağlamlıqlarının qayğısına qalan yüngülvari eqoist adamlardırlar. Onlar sağlamlıqlarına vaxt ayırır, sağlamlıqlarını itirmədən özlərinə “maya qoyurlar”, nə yediklərinə, nə içdiklərinə ciddi fikir verirlər, çox hərəkət edir, sağlamlıq haqqında oxuyur, danışır, bölüşürlər.

Bax bu insanlar üçün sağlamlıq ən vacib dəyərdir.

Məhz belə insanların xoşbəxtliyi daha dayanıqlı və dərindir. Onlardan sağlamlığın və xoşbəxtliyin ətiri gəlir. Onların yanında adam özü də sağlam olmaq istəyir.

Belə xoşbəxt insanların sırasına daxil olmaq üçün özümün də həmişə riayət etməyə çalışdığım 5 qaydanı sizinlə bölüşürəm:

  1. 1. Çox hərəkət. Gün ərzində 10 km. Bədəninizdə qan daha yaxşı dövran edəcək. Özünüzü “quş kimi” hiss edəcəksiniz. Təzyiq, başgicəllənmə sizdən həmişə uzaq duracaq.
  2. 2. Sağlam qida. Baxın görün başqa canlılar nə yeyir. Siz də ondan yeyin. Yəni təbii. Bütün sirr bundadır.İnsan oranizminə hər gün 90 adda maddə (vitaminlər, minerallar, zulallar, yağlar, karpohidratlat vəs.) lazımdır ki, bunlar da təbii qidalardadır. Bir də ki çox qarışdırmayın yeməkləri. Orqanizm universal makina deyil. Çalışın 1 növ qida qəbul edəsiniz.
  3. 3. Çox su içmək. Gün ərzində 2-3 litr. Bütün çay, kofe, qazlı şirin içkiləri atın bir qırağa. Saf suyun ləzzətini çıxarın. Enerjili və gumrah olun. Su xüsusən yorulduğunuz halda için. Qanınız nə qədər duru olsa, daha yaxşı dövran edəcək, əzələlərinizdən, beyninizdən yorğunluq çıxacaq.
  4. 4. Tez yatın, tez durun. Ən qiymətli yuxu saatları 22.00 – 02.00 arasıdır. Deyirlər e Napaleon 4 saat yatıb, ay nə bilim filankəs 3 saat yatıb. Onlar məhz bu saatlarda yatıblar. Məhz bu saatlarda biz yuxuda olarkən orqanizm özünü tam bərpa edə bilir. 3 gün vaxt lazımdır ki bu rejimin necə möhtəşəm effekt verdiyini hiss edəsiniz. 00 – 06.00 ideal yuxu rejimidir. Heç olmasa ideala yaxınlaşdırın.
  5. 5. Sağlamlıq haqqında öyrənin. Xəstəlikər haqda yox aa, sağlamlıq haqda.

Böyük uğur böyük də sağlamlıq tələb edir.

Ona görə də elə indidən başlayın!