Hamımız satıcıyıq, məsələ nəyi və necə satmağımızdadır..

Satış təlimlər boş şeydir!

Satış təlimlər boş şeydir!

Tez tez FB səhfəmizdə (Satış təlimləri) belə kommentlərə rast gəlirik – “Təlim zad boş şeydi, əsas praktikadı” və ya “Təlim boş şeydi, gərək adamın qabında (hətta genində) olsun”.

 

Bu kommentlərdə razılaşa biləcəyimiz bir hissə var – praktika çox vacibdir. Həqiqətən də praktikasız heç bir təlimin faydası yoxdur. Heç bir xəritə bizi 1 metr də qabağa apara bilməz. Üzməyi kitabdan öyrənmək olmaz. Eləcə də maşın sürməyi. Eləcə də cərrahi əməliyyat etməyi, diş çəkməyi, vəkillik etməyi, mühasibat aparmağı və s. və ilaxır.

 

Yəqin ki aydın oldu, yuxarıda sadaladığımız bütün işlərdə peşəkar olmaq üçün 2 əsas faktor olmalıdır, bilik və praktika. Cərrah edəcəyi əməliyyatın senarisini bilməsə, orqanın quruluşunu bilməsə, kəsik aparmaq, tikiş etmək texnikalarını bilməsə əməliyyat edə bilərmi?

 

“Təlim boş şeydi..” deyənlər ya..

  • SATIŞI ciddi iş hesab etmirlər. Əziz dostlar biz satış işini operator (sifarişləri toplayan, sifarişi sənədləşdirən) işi ilə qarışdırmamalıyıq. Peşəkar satış — bu potensial, yəni hələ almaq qərarı verməmiş, sizdən alacağı bəlli olmayan adamın fikirlərinə təsir edərək, məhsulu və ya xidməti məhz sizdən almağa sövq etmək kimi diplomatik, psixoloji bir işdir. Peşəkar satıcı qısa zaman içində qarşısındakı yad şəxslə xoş ünsiyyət qurub, onun istəklərini dərinliyinə qədər öyrənib (araşdırmacı, analitik), düzgün məhsulu ona uyğun şəkildə, həm də təsirli formada (söhbət pafosdan getmir) təqdim etməkdir. Bunun üçün satıcı insan təbiətinə dərindən bələd olmalı, istənilən tip insanla ünsiyyət qurmağı, peşəkar müstəntiq təki ağıllı suallar silsiləsi qurmağı bacarmalıdır, o öz məhsulunun bütün xüsusiyyətlərini mükəmməl şəkildə bilməlidir, bütün rəqiblərdən və alternativlərdən agah olmalıdır. O öz müştərilərini yaxşı tanımalı, onların işindən, problemlərin baş çıxarmaldır.

Bütün bu bacarıqlara ilk növbədə yiyələnmək, sonra isə daim təkmilləşdirmək lazımdır. Daimi                      təkmilləşmə olmasa siz rəqiblərinizdən dala qalacaqsınız. Çünki onlar daim inkişaf edirlər.

 

Ya da…

  •  TƏLİMLƏRİ boş hesab edirlər. Belə düşünən insanla rastlaşanda mən anlayıram ki, ya bu adam indiyə qədər effektiv təlimdə olmayıb. Ya da bu adamın öyrənmək həvəsi yoxdur. Çünki 12 illik satış karyeram ərzində özüm yüzlərlə təlimdə iştirak etmişəm. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə. Elə təlimlər olub ki, onlar qısa müddətdə satışlarımı 2-3 dəfə artırmağa kömək olub. Bizə bu gün mümkünsüz görünən problemlərin həllini çoxdan başqaları düşünüb tapıb, işləyib hazırlayıblar. Yenidən “velosiped kəşf etməkdənsə” sınaqdan çıxmış texnikaları öyrənib dərhal tətbiq etmək 100 dəfə effektlidir. Satış işinin özünə məxsus qanunauyğunluqları, texnikaları, üsulları var. Peşəkar olmaq istəyən, yüksək gəlir arzusunda olan satış adamı (eləcə də müştərilərlə işləyən bütün peşə sahibləri) durmadan bunları öyrənməli və istifadə etməlidir. Elə təlimlər də olub ki, bütün verilən bilgi mənim üçün təkrar olub. Lakin mən hətta bu təlimlərə də sərf etdiyim pulu ən yaxşı yatırım hesab edirəm. Birincisi — təkrar biliyin anasıdır. Bizə hərdən üstünü toz basmış biliklərimizi təzələmək, möhkəmləndirmək lazımdır. İkincisi təlimlər zamanı, ağıllı adamlar ağıllı söhbətlər edərkən, maraqlı tapşırıqlar həll edərkən, adamın beyni daha sürətlə, daha kreativ işləməyə başlayır. İdeyalar dayanmadan axır. Bəzən belə təlimdə ağıla gələn 1 ideya bizim işimizə yeni bir nəfəs verə bilər.

 

Nəticə: Satış ciddi hazırlıq və daimi öyrənmək tələb edən ən gəlirli işlərdəndir. Satmağı öyrənin daha çox qazanın!