Hamımız satıcıyıq, məsələ nəyi və necə satmağımızdadır..

2016 — da satış üçün 5 məsləhət

2016 — da satış üçün 5 məsləhət

Bu dəqiqə hamımızı narahat edən bir sual var: 2016-da nağaracuq??

Çox adam başını itirib. Əksəriyyət şokdadır. Donub qalıblar.

İş adamlarının yarısı yaxşı xəbər gözləyir ki, bəlkə gömrükdə, vergidə islahatlar aparıldı, iş adamları üçün şərait yaradıldı. Millətimiz qoçaq millətdir, hətta minimal şərtlər daxilində yaxşı iş ortalığa qoya bilərlər, özlərinə güvənirlər.

Digər yarısı isə pis xəbər gözləyir ki, dollar yenə qəfil qalxsın, biz də işimizi bilək. İşimizi bağlayaq, çıxıb gedək bir yana.

Gəlin məsələyə bir qədər ayıq başla baxaq. Necə ki, travmatoloq, qolunu qırmış, bağıra bağıra gələn xəstəyə təmkinlə baxır, bax elə.

Qiymətlər kəskin qalxıb. Lakin adamlar yenə də çörək, pampers və əyinlərinə paltar almalıdırlar. Yenə restoranlar ət, qarox, sok sifariş verməlidirlər. Evlənmək istəyənlər toy təşkil etməlidirilər (zəif menyu ilə olsa da), cehiz alınmalıdır (ucuzlu olsa da).  Yenə də firmalar hansısa reklam formalarını istifadə etməlidirlər (bir çoxlar krizislə bağlı xüsusi kompaniayalar edirlər), ofis ləvazimatları, internet almalıdırlar və s.

Düzdür bəzi bizneslər tamamilə ölüb. Məsələn avtosalonlarda vəziyyət acınacaqlıdır. Lakin ehtiyat hissələri alınacaq, yağ dəyişdiriləcək və s.

Bizim 2 yolumuz var

  • Oturub gözləmək. Bu zaman siz olan qalan müştərilərinizi itirə bilərsiniz. Bu hələ harasıdır, siz krizis dalğasanın sahilə gətirdiyi yeni iri balıqları da əldən çıxara bilərsiniz (bu balıqlar haqda qarşıda danışacağam).
  • Aktiv və düşünülmüş hərəkətlər etmək. Düzdü bəzən bu hərəkət “siçovul həlqəsində qaçış”a bənzəyəcək — daha çox işləyirsən, amma qazancın dəyişmir. Çoxları üçün indiki satış həcmini saxlamaq belə super nəticədir. Lakin siz hərəkətdə olaraq, krizis dalğasının sahilə gətirdiyi iri balıqları da qazana bilərsiniz (az sonra)

 

Dostlar 2016-cı ildə babat satışlar etmək üçün Sizə 5 təklifim var.

  • Müştərilərinizlə sıx əlaqələr qurun. Onlarla ünsiyyətdə təmkinli, qayğıkeş və pozitiv olun. İnsanlar xüsusən çətin dövrlərdə sığınacaqları, əhvallarını qaldıracaq partnyorlar, dostlar axtarırlar. Yeni qiymətlərinizi onlara elan edin, bundan qorxmayın. Amma belə olduğu üçün üzr istəyin (gunahkar olmasanız belə). Onlara daha yaxşı xidmət göstərəciyinizi vəd edin və bunu həqiqətən də edin. Müştərilərin pulu qarşılığında onlara daha çox faydalı olmağa çalışın.
  • Yeni müştəri axtarışına çıxın. Krizis dağlasının sahilə çıxardığı iri balıqlara sahib durun. Necə ki bir maddə istiləşəndə onun tərkibində olan atomların xaotik hərəkəti sürətlənir, eləcə də krizis vaxtı bazardakı potensial müştəriləriniz də vurnuxmağa başlayırlar. Daha ucuz, daha sərfəli variantlar axtarırlar. Onlar əvvəlki təchizatçılarına az sadiq olurlar. Buna görə də əvvəllər sizə imtina etmiş şəxslərin, şirkətlərin siyahısını yazın və təkrar zəng vurun. Yaxın günlərdə biz iri bir müştəri ilə razılaşma bağladıq. Onlarla ilk danışmamız 6 ay bundan əvvəl olmuşdu. O vaxt yalnız xarici mal istifadə edirik demişdilər, bizdən beynəlxalq sertifikatlar tələb etmişdilər. Bizdə isə yerli maldır. Sertifikatımız da yerlidir. Nə qədər çalışsaq da daşı yerindən tərpədə bilməmişdik. Bu dəfə də zəng vurduq, salam – kəlamdan sonra onlara xərclərini azalda biləcəklərini söylədik. Görüşdülər və razılaşdılar.
  • QƏNAƏT etmək istəklərindən istifadə edin. Bilirsinizmi, krizis vaxtı ən əsas söz QƏNAƏTDİR. İnsanlar, şirkətlər daim bu barədə düşünürlər. Siz potensial müştərilərə sizinlə işləməklə qənaət edəcəklərini göstərə bilsəniz, müştərilərinizin sayı artacaq (P&G ın hazırkı reklamını xatırlayın). Bunun üzərində düşünün. Kimin, hansı müştərilərin xərclərini azalda bilərsiniz. Mənə etiraz edə bilərsiniz ki, axı bizdən də ucuz satanlar var. Bəli indi siz kimin üçünsə bahalısınız, amma kimin üçünsə ucuz. Əvvəllər sizin maldan daha bahalı mal, xidmət istifadə edənlərə indi sizin məhsul daha cəlbedicidir. Əgər bunu anlaya və işinizdə istifadə edə bilsəniz, krizis vaxtı inkişaf edəcəksiniz.
  • Sosial satışlardan sitifadə edin. Sosial şəbəkələrdə satış — bu gələcək deyil, bu artıq bu günün vacib reallığıdır. Əgər siz hələ də sosial şəbəkələrdən istifadə edib satış etmirsinizsə, təcili şəkildə bu işi öyrənməyə başlayın. SMM təlimlərinə yazılın, internətdə araşdırın və dərhal başlayın. Adi vaxtda əliniz çatmayan şəxsləri bu yolla siz qazana bilərsiniz.
  • Reklam əvəzinə TƏƏSSÜRATLAR. Ənənəvi reklam əvvəlki effektini vermir. İnsanlar seçimlərini daha çox başqalarının məsləhətləri və təəssüratları əsasında edirlər. Müştərilərinizin təəssüratlarını qeydə alın (şəkil, yazı, video) və potensial müştərilərinizə göstərin. Sizdən razı müştərilərinizə sizi öz tanışlarına tövsiyyə etmələrini xahiş edin (heç olmasa FB səhifənizə LİKE qoysunlar). Satışlarınız dərhal artacaq.

Əziz dostlar, Sizin də bu barədə fikirlərinizi və təkliflərinizi oxumaq çox xoş olar. Buyurun, bizə yazın.